“Human-in-the-loop” xüsusiyyətinə malik UMTAS-GM?| Türkiyə İsrail istehsalı olan “Spike-NLOS”a rəqib yaradır

2023/05/1682929202.jpg
Oxunub: 7239     16:40     04 May 2023    
Xəbər verdiyimiz kimi, ROKETSAN tərəfindən UMTAS-GM adlı yeni raket hazırlanır. ROKETSAN baş direktoru Murat İkinci ilk dəfə UMTAS-GM raketini açıqlayıb.

Hazırda ROKETSAN tərəfindən həyata keçirilən 40-a yaxın gizli layihə ilə bağlı sualı cavablandıran İkinci bildirib: “Bildiyiniz kimi, ROKETSAN böyüməyə davam edir, xüsusən də ixraca diqqət yetirir. İxracdan əldə etdiyimiz bütün gəlirləri infrastrukturumuza sərmayə və yeni layihələr üçün Ar-Ge qaynağı olaraq əks etdirməyə çalışırıq. Bu 40 layihə gələcəkdə silahlı qüvvələrimiz başda olmaqla beynəlxalq arenada ehtiyac duyulacaq bütün məhsulları inkişaf etdirmək üçün öz Ar-Ge resurslarımızla başladığımız layihələrdir.

Bunlar çox ciddi, vacib layihələrdir. Amma prototip mərhələsinə çatana qədər onlar haqqında heç bir məlumat verməməyə üstünlük veririk. Onlardan biri hazırda prototipi bitmiş və sınaqları davam edən UMTAS-ın uzun mənzilli UMTAS-GM versiyasıdır. UMTAS-GM versiyası, xüsusilə helikopterlərdən və quru vasitələrindən atış qabiliyyəti ilə UMTAS tank əleyhinə raketimizin mənzilini həqiqətən artıracaq.

UMTAS-GM-də hədəf: İlin sonu kütləvi istehsal

Burada məqsədimiz beynəlxalq arenada yüksək bazar payına malik və silahlı qüvvələrimizə üstünlük təmin edəcəyini düşündüyümüz bir məhsulu ən qısa zamanda təqdim etməkdir. Məqsədimiz bu ilin sonuna doğru kütləvi istehsal mərhələsinə qədəm qoyan UMTAS-GM ilə istifadəçilərimizi qarşılamaqdır.

Adlarını qeyd etmədiyimiz 40 layihə hər biri öz təqvimi daxilində öz mühəndislərimizin səyləri ilə davam edir. Əslində deyim ki, bizi izləməyə davam edin, bu layihələrin nəticələrini əldə etdikdə onları ilk olaraq ictimaiyyətimizlə, ikinci olaraq dünya ilə paylaşmağa davam edəcəyik”.

Qeyd

ROKETSAN baş direktoru Murat İkinci tərəfindən ilk dəfə açıqlanan UMTAS-GM raketi ilə Türkiyənin uzun müddətdir gözlənilən uzun mənzilli tank əleyhinə raket ehtiyacı milli imkanlarla qarşılanacaq. UMTAS-GM raketinin həm “Atak-2” ağır sinif hücum helikopterinin, həm də quruda yerləşən tank əleyhinə bölmələrin əsas zərbə qüvvəsini təşkil edəcəyi gözlənilir.

Müəyyən mənada Türkiyənin İsrail istehsalı olan “Spike-NLOS”a rəqib yaratdığını söyləmək olar.

UMTAS-GM-ə qədər ROKETSAN 8 kilometr mənzilli IIR axtarış başlıqlı UMTAS və lazer axtarış başlıqlı L-UMTAS raketlərini inkişaf etdirmişdi. ROKETSAN baş direktoru Murat İkincinin bildirdiyinə görə, UMTAS-GM-in mənzilinin daha yüksək olacağı gözlənilir.

Lakin əsas fərq axtarış başlığında ola bilər... Çünki müəyyən bir mənzildən sonra IIR-ə, yəni görüntüləyici infraqırmızı axtarış başlığına atmosfer şəraitinə görə çox üstünlük verilmir. “Human-in-the-loop” xüsusiyyətinə sahib olması gözlənən UMTAS-GM üçün ROKETSAN-ın ciddi bir axtarış başlığı işi həyata keçirdiyini desək yanılmarıq...

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İsrail  


Bizi "telegram"da izləyin